Reklam verin!
Dekabr 10, 2007 18:24 tarixində, info tərəfindən, Xəbərlər bölməsində yazılib      

Jurnalistlər və “Dalğa”çılar hakimiyyəti rüsvay etdilər
Bakıda sözlərini deməyə meydan verilməyənlər çöllərə üz tutdular
 
aksiya

Məlum olduğu kimi, Bakı Şəhər İcra Hakimiyyəti jurnalistlərin, azad sözün, insan haqlarının müdafiəsində dayanan şəxslərin dekabrın 8-də Ukrayna meydanında aksiya keçirməsinə imkan vermədi. Mitinq üçün Bibiheybət meydanını göstərən meriyanın bu davranışına isə təşkilatçılar etiraz edərək aksiyanı təxirə saldılar. Dünən isə Söz Azadlığını Müdafiə Komitəsinin və “Dalğa” Gənclər Hərəkatının təşkilatçılığı ilə Ələt çölündə “Yaşasın azad Azərbaycan çölləri!” şüarı altında etiraz aksiyası keçirildi.
İnsan haqlarının müdafiəsi ilə bağlı “Cressant Beach” hotelində keçirilən aksiyadan dərhal sonra təşkilatçılar daha öncədən kirayələnmiş avtobus və maşınlarla jurnalistləri, redaktorları, hüquq müdafiəçilərini Ələt çölünə apardılar. Təxminən 70 nəfərlik aksiyada iştirakçılar əllərində “Yaşasın azad Azərbaycan çölləri!”, “Azad fərd, məsuliyyətli vətəndaş!”, “Təhsildə rüşvət-gələcəkdə korrupsiyadır!” və “Biz terrora “yox!” deyirik!” sözləri yazılmış plakatlar tutmuşdular.


Aksiyanı giriş sözü ilə politoloq Zərdüşt Əlizadə açıq elan etdi. O, boru kəmərinin üzərinə çıxaraq, “Mən milli sərvətimizi hər gün təxminən 700 min barrel xaricə daşıyan neft kəmərinin üstündə duraraq azad sözü müdafiə edirəm” dedi. “Bir kərə yüksələn bayraq bir daha enməyəcək”  deyən çıxışçı vaxtilə Azərbaycan torpağında imperiya bayraqlarının da yüksəldiyini xatırlatdı: “Arzu Abdullayeva bayaqkı tədbirdə dedi ki, siz bizim gələcəyimizsiniz. Əgər keçmişi yaxşı bilməyən bir gələcək olacaqsınızsa, sizi ən yaxşı halda bizim taleyimiz gözləyəcək. Yəni, siz bir məğlubiyyətdən çıxıb, başqa bir məğlubiyyətə düşəcəksiniz. Bu günümüzü, dünənki günümüzü, keçmişimizi, elmi surətdə, obyektiv olaraq, heç bir əsatirə uymadan öyrənin və bilin. Həqiqi vətən fədailəri ilə yalançı fədailəri bir-birindən ayırmağı öyrənin. İnsanların qiymətləndirici meyarı onların hərəkətidir, gözəl sözləri, pozaları yox.”
Z.Əlizadə həmçinin aksiyada iştirak edən jurnalistlərə də cəmiyyətə obyektiv, qərəzsiz məlumatları çatdırmağı tövsiyə etdi. Onun sözlərinə görə, jurnalistin vəzifəsi başqalarına moizə oxumaq yox, düzgün informasiya ötürməkdən ibarətdir: “Sizin üstünlüyünüz gəncliyinizdir. Unutmayın ki, bu gəncliyi təcrübə kapitalına çevirmək üçün uzun müddət işləməlisiniz”.
Azərbaycan Avrointeqrasiya Milli İctimai Komitəsinin koordinatoru Toğrul Cuvarlı isə gənclərin gücünün onların birliyində olduğunu bildirdi. O, bütün Azərbaycan gəncliyini yumruq kimi birləşməyə çağırdı.
Aksiyanın əsas təşkilatçılarından olan “Gündəlik Azərbaycan” qəzetinin şef redaktoru Şahvələd Çobanoğlu isə Ələt çölünə toplaşıb, insan haqlarını, azad sözü müdafiə edənlərə təşəkkür etdi. O bildirdi ki, aksiyanı təşkil edərkən əsas qayələri Azərbaycan cəmiyyətinə və dünyaya məlum bir həqiqəti çatdırmaqdan ibarət olub: “İstədik çatdıraq ki, bizim şəhərlərdə, torpaqların qiymətli yerlərində azadlıq yoxdur. Torpaqların ən qiymətsiz, heç kimin ev tikə bilmədiyi, əkin-biçin eləmədiyi yerlər isə ancaq Azərbaycan çöllərində qalıb. Bizim istəyimiz odur ki, azadlığı bu çöllərdən Bakıya, Gəncəyə, Şəkiyə, bir sözlə insanların yaşadığı yerə daşıya bilək. Amma siz görürsünüz ki, bu torpağın özündə də dünyanın ən qiymətli məhsulu sayılan neft axıb gedir, qazı daşıyıb aparırlar. Azərbaycan torpağının hər yeri qiymətlidir. Hətta buna görə səhraları da sabah bizim əlimizdən alınacaq. İnandırım ki, sabah bu ərazilərdə beynəlxalq şirkətlər, oliqarxlar bütün əraziləri tutacaq və belə bir aksiya keçirməyə də imkanımız olmayacaq”.
Ş.Çobanoğlu Fikrət Sadığın “Necə ki, Ələt var idi, Ələtə gedirdik. İndi ”Elit" var, “Elit”ə gedə bilmirik" şeirindən sitat gətirərərək, “amma biz hələlik Ələtə gələ bilirik”-dedi.
Köşə yazarı Zamin Hacı isə türklərin hər zaman çöllərdə böyük olduğunu vurğuladı: “Ona görə də heç fikir eləməyin. Biz çöllərdə böyüyük”.
Zamin bəyin bu çıxışına “Biz təkcə çöllərdə yox, evdə də, cəmiyyətdə də böyük olmaq istəyirik” replikası ilə cavab verən Ş.Çobanoğlu onu da vurğuladı ki, azadlıqdan bir hissə qoparanda azadlığın bütün dadı o hissə ilə gedir: “İndi biz azadlığın qalan hissəsinə gəlmişik. Qalan hissənin dadı qaçıb. Amma biz elə eləməliyik ki, bizə də, Azərbaycan xalqına da ordan nəsə çatsın. Zərdüşt bəy bu aksiyanı keçirmək istəyəndə dedi ki, qığılcımdan alov törəyər. Bu qığılcımı biz saxlamalıyıq. Bu qığılcımdan mütləq alov törəyəcək”.
“Azadlıq” qəzetinin baş direktoru Azər Əhmədov isə mənəviyyatsızlığın, qanunsuzluğun ölkəni məhvə sürüklədiyini bildirdi. Onun sözlərinə görə, indi söhbət təkcə jurnalist həbslərindən yox, bütünlükdə cəmiyyəti başına götürən bəlalardan gedir: “Mən bütün gəncləri həmin qanunsuzluğa, mənəviyyatsızlığa qarşı mübarizəyə səsləyirəm. Zərdüşt bəy 1988-ci ilin meydan hərəkatını xatırlatdı. Mən sizin hamınızı həmin tarixi təkrar eləməyə çağırıram”.
Azərbaycan Avrointeqrasiya Milli İctimai Komitəsinin fəaliyyətdə olan sədri Arzu Abdullayeva isə aksiyada xüsusi təşkilatçılıqları ilə fərqlənən “Dalğa”nın üzvlərinə təşəkkür etdi. Onların simasında Azərbaycan gəncləri ilə fəxr etdiyini vurğulayan hüquq müdafiəçisi “siz bizim gələcəyimizsiniz və mənəvi baxımdan dolğunsunuz”-dedi.
“Dalğa”ın sədri Vəfa Cəfərova ölkədəki özbaşınalıqlarla mübarizədə hüquq müdafiəçilərinin çox iş gördüyünü bildirdi. Onun sözlərinə görə, gənclər olaraq, bütün qüvvələrini hərəkata daha çox üzv cəlb etməyə səfərbər ediblər: “Biz bu yolla cəmiyyətdə köklü dəyişikliklər etmək istəyirik. Belə işləməklə əminəm ki, bu il olmasa da, bir-iki ilə öz məqsədimizə nail olacağıq”.
Aksiya iştirakçıları sonda şüarlarını bir daha səsləndirdilər. Təxminən yarım saat davam edən aksiya zamanı polis gözə dəymədi.
Sevinc TELMANQIZI/Yeni Müsavat



Şərh yazma qapalıdır.