“Bizi ayıran deyil, birləşdirən nöqtələri axtarmalıyıq”
Dalğa Gənclər Hərəkatı Həmrəylik günü və Yeni il bayramı münasibəti ilə Azərbaycan gəncliyinə ünvanlanmış müraciət yayıb. Mətni aşağıda diqqətinizə təqdim edirik.
Gənclərin idealist və xəyalpərvər olması çox gözəldir. Gənc elə məhz belə də olmalıdır. İnamlı, ümidli, mübariz, gələcəyə istiqamətlənən xəyallar, azadlığa meyl, stereotiplərdən yaxa qurtarma cəhdi, temperamentli olmaq yaşından asılı olmayaraq, gənclik ruhunun göstəricisidir.
2007-ci il başlayanda hər bir gəncin özünəməxsus istəklərini, xəyallarını gerçəkləşdirəcəyinə ümidləri vardı. Verilən vədlər, elan olunan imkanlar bizləri daha da həvəsləndirdi. Çox təəssüf ki, bütün vədlərin və “yaradılmış imkanların” imitasiya olduğu üzə çıxdı və gəncliyimizin depressiya və pessimizmə qapılması üçün zəmin yarandı. Növbəti 2008-ci ildə ümidlərin puç olmamasını, ruhumuzun bizə verdiyi imkanlardan maksimum yararlanmaq istəyindəyiksə, bizi ayıran deyil, birləşdirən nöqtələri axtarmalıyıq.
Əgər kimlərsə öz merkantil maraqları üçün bizləri qarşı-qarşıya qoymağa cəhd edirsə, onun qarşısını birlikdə almalıyıq. Əks təqdirdə ötən illərdə olduğu kimi, 2008-ci ildə də biz Azərbaycan gəncliyi olaraq vətənimizin gələcəyi ilə bağlı qərarlardan uzaq qalacağıq.
Bizim öz həmrəyliyimizi və gücümüzü sivil metodlarla ortaya qoymağımız şərtdir. Domokratik sistem və azadlıq bizlərə müstəqil seçim haqqı verir. Əgər biz demokratik və azad cəmiyyət qursaq, kimlərsə bizləri öz oyunlarında alət edə bilməz. Hansısa güclər biz gəncləri yaltaq olmağa təhrik etməz, öz gündəlik maraqlarını böyük arzularımızın məhvi üzərində qurmaz.
Qoy 2008-ci ildə Azərbaycan gəncini birləşdirən dəyər - Azadlıq və Həmrəylik olsun!
Biz - Dalğa Gənclər Hərəkatı 2008-ci ili “Azadlıq və Həmrəylik İli” elan edirik.
Öz ilimiz mübarək, Azərbaycan gənci!
Hörmətlə,
Dalğa Gənclər Hərəkatı
İdarə Heyəti
Bakı, 29.12.2007
Dalğa Gənclər Hərəkatı (Dalğa GH) 12 Fevral 2005 – ci ildə yaradılıb. Yarandığı qısa müddət ərzində 100 – dan çox gənci öz ətrafında toplamışdır. Dalğa GH mərkəzi Bakı şəhərində yerləşir və Gəncə şəhərində isə nümayəndəliyi fəaliyyət göstərir. Hal – hazırda Hərəkatın Bakı, Gəncə, Qax, Bərdə və digər regionlarda 200 – dan çox üzvü vardır. Dalğa GH qeyri hökumət və mənfəət güdməyən təşkilatdır.